Birincisi, pensiya kapitalı fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və yığım hissəsində toplanılan vəsaitlərin məbləği olduğdan, stimulverici xarakter daşımalıdır. Vətəndaşlar pensiya kapitalının yığımında maraqlı olmalı və bunun həcminin artmasına səy göstərməlidirlər. Yəni məcburi dövlət sosial sığorta haqqı ödənişinə həvəslə, məqsədli şəkildə yanaşmalıdırlar. Bizdə belədirmi? Xeyr.
Bizdə məcburi dövlət sosial sığorta haqqı ödənişi nəticəsində toplanılan pensiya kapitalından yalnız həmin pensiya hüququ qazanıldıqdan sonra istifadəyə imkan verildiyindən ortada heç bir maraq və stimul qalmır. Ən azı o səbəbdən ki, pensiya hüququ əldə etmək yaşı yüksəkdir. Odur ki, fərdin ödədiyi məcburi dövlət sosial sığorta haqqında marağının olması üçün pensiya kapitalından vaxtından əvvəl istifadə imkanının yaradılması vacib stimullaşdırıcı vasitələrdən sayılır.
İkincisi, vətəndaşın öz pensiya kapitalından istifadə edə biləcəyi həmişə təminatlı xarakter daşımalıdır. Bu çox mühüm amildir və ədalətli faktor hesab olunur. Yəni hər hansı şəxs əgər müəyyən dövr ərzində işləyərək pensiya kapitalı toplayıbsa, ədalətli olan budur ki, həmin vəsaitdən istifadə edə bilsin. Misal üçün, səhhətində problem varsa, normal yaşayış şəraiti yoxdursa, borca giribsə, övladının və yaxud özünün təhsili ilə bağlı maddi dəstəyə ehtiyacı varsa, həmin vəsaitdən xərcləyə bilməlidir.
Hər hansı bir fərd tutaq ki, 25-30 illik əmək fəaliyyəti ərzində müəyyən məbləğdə pensiya kapitalı toplayıbsa, nəyə görə ondan yalnız pensiyaya çıxdıqdan, yəni 65 yaşı tamam olduqdan sonra yararlanmalıdır?
Bu sahədə vəziyyətin dəyişməsi həm də ölkədə dayanıqlı, sağlam və oturuşmuş pensiya-sığorta sisteminin formalaşmasına töhvə verə bilər.
Bəli, məcburi dövlət sosial sığorta haqqı ödənişi hesabına pensiya kapitalı yığımı vətəndaşı əmək fəaliyyətini dayandırdıqdan sonra pensiya ilə təmin etmək üçündür. Lakin seçim hər kəsin öz öhdəsinə buraxılsa yaxşıdır.
Yeri gəlmişkən, 2019-cu ildən bəri DSMF-nin büdcəsi təkmilləşir. Bununla belə, hələ də dövlət büdcəsindən asılılıq var. Pensiya kapitalından istifadəyə imkan yaratmaqla, bu sahədə sosial sığorta ödənişlərinin sürətini və həcmini artırmaqla DSMF-nin büdcəsi də daha məqsədəuyğun həcmə gəlib çıxa bilər. Özəl pensiya fondlarının yaranması üçün də yol açılar.

Pərviz Heydərov
Xüsusi olaraq AzVision.az üçün